Rəqqasə, prodüser, aktrisa Oksananın gözlənilməz film sevdası...

Rəqqasə, prodüser, aktrisa Oksananın gözlənilməz film sevdası...

Oksana Rəsulova artıq bir neçə aydır ki, əlini, ətəyini şou-biznesdən çəkib bir kənarda öz işi ilə məşğuldur. Nəhayət, rəqqasəni məşq salonunda necə deyərlər, yaxalayıb, aya-günə dönməsinin səbəblərini öyrəndik. Sən demə, sənətçinin başı işlərinə qarışıbmış.

Yeni filminin çəkilişlərinə başlayan, o yana bu yana qaçmaqdan başını qaşımağa belə vaxt tapmayan Oksana söhbətinə “Şər qarışanda” filmi ilə başladı.

Oksana Rəsulova: “Fəxr edirəm ki, məhz mənim prodakşınım ilk dəfə olaraq Azərbaycanda triller janrında film çəkdi. Bu üslubda film çəkilməmişdi”.

Ekran işindən ağız dolusu danışsa da, filminin istədiyi nəticəni qazanmadığını söylədi və ona həmin vaxtlar dəstəyin az olduğunu etiraf etdi.

Oksana Rəsulova: “Qorxulu film idi. Bizim tamaşaçılara çox təsir etdi. Bəlkə də, buna görə elə də bəyənilmədi. Dost-tanış tərəfdən də mənə dəstək olmadı. Ona görə bir az qılbim qırıldı, bir az həssas oldum”.

Lakin birinci filmdəki uğursuzluq Oksanaya növbəti işlər üçün qol-qanad verib, hətta sənətçiyə yeni təkliflər də gəlməyə başlayıb.

Oksana Rəsulova: “Çox adam elə bildi ki, elə Oksana bununla da batdı, qalxmayacaq, bundan sonra heç nə etməyəcək. Ancaq o filmdən sonra mənə xeyli təklif gəlməyə başladı. “Bayram axşamı” komediya filmində baş rola çəkildim. 2017-ci ilin ən gözəl komediyalarından biri olacaq. Bunu mən sizə əminliklə deyirəm, özünüz gəlib görəcəksiz”.

Oksana “Mələyin öpüşü” adlanan yeni filminin ssenarisi haqda bir kəlmə belə danışmasa da, ekran işinin qulağa xoş gələn adı ilə bağlı açıqlama verdi.

Oksana Rəsulova: “ Nəinki ”Şou məkan” tamaşaçılarının bütün Azərbaycan tamaşaçıları çox həyəcanlanacaq, təəccüblənəcək və deyəcək ki, belə bir şey də varmış”.

“Ümumiyyətlə, filmin treyleri çıxmamışdan ssenari haqda danışmaq düzgün deyil. “Mələyin öpüşü” o demək deyil ki, mələk gəldi kimisə öpdü. Mələk insana toxunanada onun həyatında yaxşılığa doğru nələrsə baş verməyə başlayır”.

“Filmdə Fuad Poladov, Münəvvər Əliyeva, Təranə Əliyeva, Şəhriyar Əbilov, İlhamə Qasımova, mən, Nizar Məmmədov, Babək Qunizadə, Şamil Süleymanov rol aldılar. Özümü bu qədər aktyorun yanında aktrisa kimi yox, daha çox prodüser kimi hiss edirdim”.

Oksana, qollarını çırmalayıb film işinə, necə deyərlər, haray-həşirlə daxil olmusan. Bu məqam səni nə vaxtsa rəqqasəlikdən tam uzaqlaşdırmayacaq ki?

Oksana Rəsulova: “Rəqs mənə ikinci nəfəs verir. O, mənim ruhumu tam nəzarət altında saxlayır. Mən bununla qidalanıram. Akyorluq da hardasa bir xareoqrafiyadır”.

Oksana artıq illər keçdikcə yalnız ona lazım olan insanları ətrafında saxlayıb.

Oksana Rəsulova: “Onlardan gələn pis enerji, onların paxıllıq hissləri məni məhv edir, deyə mən özümü sığortalamışam. Ona görə, həmin insanlarla danışmaq istəmirəm. Mən o insanlarla ünsiyyətdə olmaq istəyirəm ki, onlar poztivdir və mənə də müsbət enerji ötürürlər”.

Natavanla küsülü olmasına da aydınlıq gətirən rəqqasə belə bir düşmənçiliyin olmadığını söylədi.

Oksana Rəsulova: “Küsül deyiləm, salamımı verirəm, sağolumu da alıram. Nəinki onunla, ümumiyyətlə, çox adamla rəfiqəlik münasibətləri yoxdur. Biz düşmən deyilik ki, sadəcə danışmırıq”.