Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi qanunsuz onlayn mərc oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirib. Əməliyyat zamanı ölkədə fəaliyyəti qadağan olunmuş “1xBet” platforması üzərindən qanunsuz mərc oyunları təşkil etməkdə şübhəli bilinən beş nəfər - Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacıəkbər Abbaszadə, Seyfəddin İsmayılov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıb. İlkin araşdırmaya görə, şəbəkənin qanunsuz dövriyyəsi 1 milyon manatdan artıq olub. Keçirilən axtarış zamanı mobil telefonlar, bank kartları və digər elektron sübutlar götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərdən dördü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyi vətəndaşları qanunsuz onlayn mərc oyunlarından uzaq durmağa çağırıb.

