Kirk Duqlas 100 yaşında!

Kirk Duqlas 100 yaşında!

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivudun canlı əfsanəvi Kirk Duqlasın bu gün 100 yaşı tamam olur.

O, "Qızıl Hollivud" dönəminə məxsus aktyorlar arasında ən qocamanıdır.

Aktyorun 100-cü ad günü münasibətilə onun Los-Ancelesdəki villasına ailə üzvləri, qohumları, dostları və ABŞ kinematoqrafiyasının tanınmış simaları yığılacaqlar.

Ad gününü Kirk Duqlasın oğlu Maykl Duqlasla xanımı Ketrin Zeta-Cons təşkil ediblər.

Mərasimdə 200 qonaq iştirak edəcək.

Özünü yaxşı hiss etdiyini deyən Kirk Duqlas söyləyib: "İndi əsas məsələ gümrah olmaqdır ki, ad günümdə qonaqları təəssüfləndirməyim".

Kirk Duqlası ad günü münasibətilə ilk təbrik edən şəxs 63 il əvvəl ailə qurduğu xanımı, 97 yaşlı Enn Duqlas olub.

Kirk Duqlasın ilk nikahı Diana adlı xanımla olub. 1951-ci ildə boşanma ilə başa çatan bu izdivacda Maykl və Coel Duqlaslar doğulublar.

Enn ilə nikahda isə Duqlasın Erik və Piter adlı oğulları dünyaya gəlib.

Çar Rusiyasından ABŞ-a mühacirət etmiş yoxsul yəhudi ailəsində doğulmuş Kirk Duqlasın ən məşhur rolu Spartakdır. Rejissor Stenli Kubrikin bu filmi indiki blokbasterlərin "ata"sı sayılır.

Kirk Duqlasın oğlu, 72 yaşlı Maykl Duqlas da dünya kinematoqrafının canlı əfsanəsi sayılır.

Ayşən Zeynallı