Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha 6 şəhidin qalıqları iyulun 1-i və 3-də ailələrinə təhvil veriləcək.Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov beynəlxalq konfransda məlumat verib.İndiyədək Birinci Qarabağ müharibəsi ilə bağlı 934 nəfərə aid sümük qalıqları qəbul edilib. Onlardan 377 nəfərin şəxsiyyəti müəyyənləşdirilib, 226 şəhidin qalıqları isə ailələrinə təhvil verilib.Konfransda çıxış edən Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Qəzənfər Əhmədov isə kütləvi məzarlıqların axtarışında yeni texnologiyaların tətbiq olunacağını açıqlayıb. Onun sözlərinə görə, beynəlxalq şirkətlərlə aparılan danışıqlar nəticəsində geniş ərazilərin qısa müddətdə xəritələşdirilməsi və tədqiqi mümkün olacaq. Bu da itkin düşmüş şəxslərin taleyinin daha operativ şəkildə aydınlaşdırılmasına imkan verəcək.Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsinin rəisi, general-mayor Rüfət Əliyev isə bildirib ki, 2022-ci ildən bəri 327 itkin düşmüş şəxsin genetik identifikasiyası həyata keçirilib. O qeyd edib ki, müasir laboratoriya imkanları və yeni metodların tətbiqi uzun illər torpaq altında qalmış qalıqların eyniləşdirilməsində mühüm rol oynayır.

