Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Ərəb Koordinasiya Qrupu arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, bir sıra layihələrin artıq icra mərhələsində olduğu vurğulanıb. Tərəflər investisiya, infrastruktur və su təsərrüfatı sahələrində tərəfdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Görüşdən sonra Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi ilə bağlı kredit sazişi imzalanıb, həmçinin Abşeron yarımadasında 33 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin qurulmasına dair Anlaşma Memorandumu mübadilə olunub. Daha sonra Prezident İlham Əliyev Azərbaycanla İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirə "Dostluq" ordenini təqdim edib.

