Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb. Azərbaycanla Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat qəbul edilib, həmçinin iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Daha sonra prezidentlər mətbuata birgə bəyanatlarla çıxış ediblər. İlham Əliyev bildirib ki, Laos Prezidentinin Azərbaycana səfəri və qarşıda keçiriləcək biznes forum ikitərəfli əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə imkan verəcək. Dövlət başçısı Azərbaycanla Laos arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu və ölkələrin 30 ildir diplomatik əlaqələr saxladığını vurğulayıb. Prezident, həmçinin Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması üçün təqaüd proqramının yaradılmasını təklif edib. O, sovet dövründə Laosdan çoxsaylı tələbələrin Azərbaycanda təhsil aldığını xatırladıb.

