Prezident İlham Əliyev İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitində videobağlantı ilə çıxış edərək bildirib ki, bütün Avropa institutları Ermənistan-Azərbaycan sülh prosesinə vahid yanaşma sərgiləmir."Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir", - dövlət başçısı vurğulayıb. İlham Əliyev bildirib ki, 2021-ci ilin mayından 2026-cı il 30 aprelədək Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib: “Beş il ərzində 14 qətnamə – bu, bir növ obsesiyadır. Avropa Parlamenti fundamental problemləri həll etmək əvəzinə Azərbaycanı hədəf alaraq böhtan və yalanlar yayır. Bunun səbəbi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir”. Prezident deyib ki, Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyətində iştirakın dayandırılması və "Avronest" Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edib. Dövlət başçısı həmkarlarını dezinformasiya və manipulyasiyalara yol verməməyə çağırıb.

