Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Kəpəz FM-ə açıqlamasında deyib ki, bu gün dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır.

