Eldardan, yeni mahnı, klip və konsert...

Eldardan, yeni mahnı, klip və konsert...

“Avroviziya” səhnəsində ifaçı həmkarı Nigar Camalla bütün dünyanı heyran qoyan və bu mötəbər tərdbiri Azərbaycana gətirən gənc müğənni Eldar Qasımov yeni layihələri ilə bağlı mikrofonumuza danışdı.
Eldar Qasımovla olan söhbətimizə ifaçının əməlli-başlı vaxt sərf etdiyi pəhrizi ilə başladıq. Sən demə, gənc müğənni artıq bir ilə yaxındır ki, bütün kalorili yeməklərdən birdəfəlik əlini üzüb.
Eldar Qasımov: “Artıq bir ildən çoxdur ki, idmanla məşğul oluram. Sağlam qidalanıram. Çünki bu, mənim üçün çox vacibdir. Dostlarım evimə gəlir. Yediyim pəhriz qidalarına baxırlar. Təəccüblənirlər ki, bu yeməkləri necə qəbul edirəm. Amma mən artıq öyrəşmişəm”.
İfaçı həmkarları dünyanın altından girib üstündən çıxdıqları vaxt o, zamanını işlərinə sərf edib. Düzdür, əvvəlcə sandığı bağlayıb üstünə də böyük bir qıfıl vurdu, yeni layihələri haqda bizə heç nə demək istəmədi. Amma sonra....
Eldar Qasımov: “Sizə indi təzə xəbər verə bilmərəm. Çünki bu xəbərlər hələ hazırlanır. Yeni layihələr üzərində iş gedir”.
Eldar, adətən müğənnilər əvvəlcə mahnılarını səsləndirir və əgər sevilərsə, klip çəkdirirlər. Səncə, mahnı və klipin eyni anda ərsəyə gəlməsi biraz riskli deyilmi?
Eldar Qasımov: “Mahnı haqda hələlik xəbəriniz yoxdur. Kliplə eyni vaxtda həm ingilis, həm də Azərbaycan dilində çıxacaq. Mahnını sevdim və istədim ki, klip çəkilsin. İnanıram ki, bəyənəcəksiz”.
Eldar Qasımov yeni layihələri çərçivəsində verəcəyi konsertləri ilə bağlı danışdı.
Eldar Qasımov: “Klub konsertlərim olacaq. Çünki əksər auditoriya ordadır. Həm öz mahnılarım olacaq, həm də “cover” mahnılar”.
İfaçının ölkəni tərk edəcəyi ilə bağlı yayılan şaiyələrdən isə görünür Eldarın ümumiyyətlə, xəbəri olmayıb.
Eldar Qasımov: “ Sadəcə şaiyədir. İlk dəfədir eşidirəm. Heç bir yerə köçəsi deyiləm. Əslində elə bir peşənin sahibiyəm ki, mənim üçün həm burda çətindir, həm də xaricdə.
Səsin həmişə “Avroviziya” kimi yüksək səhnələrdən gəlsin. Uğurların davamlı olsun.
Ayşən Zeynallı