Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyim tələblərinə vahid yanaşmanın tətbiqi məktəbdaxili nizam-intizamın və təşkilati idarəetmənin gücləndirilməsinə xidmət edir. Bu yanaşma beynəlxalq təcrübədə də geniş istifadə olunur.Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov Kəpəz FM-ə açıqlamasında qərarı dəstəklədiyini bildirib. O, təhsil prosesində nizam-intizamın və qayda-qanunun vacibliyini vurğulayıb:
Əlimuxtar Muxtarov - AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahiyanə şəkildə vurğulayırdı ki, təhsil bir millətin gələcəyidir. Bütün dövrlər üçün aktual olan bu müdrik fikirlərdə elm və təhsillə bağlı bütün müddəalar öz əksini tapmışdır. Hər bir xalqın inkişafı, bu günü və sabahı o xalqın təhsilindən, xüsusilə də bu pedaqoji prosesdə təhsilverənlərin və təhsilalanların inkişafından asılıdır. Təhsilverənlər və təhsilalanlar o mühitdə inkişaf edə bilər ki, orada nizam-intizam, qayda-qanun olsun. Bu mənada Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində vahid geyim forması ilə bağlı imzaladığı qərarı biz hər bir ziyalı alqışlayır və dəstəkləyirik. Çünki bu qərarlara hiss və duyğularla yanaşmaq olmaz. Bu məsələlərin müzakirəyə ehtiyacı yoxdur və müzakirəyə açıq deyil. Burada təkcə vahid məktəbli geyimindən deyil, eyni zamanda Azərbaycanın milli təhlükəsizliyindən söhbət gedir”.

