Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərin imtahan stressi, qəbul qaydaları və təhsil sistemi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.Onun sözlərinə görə, abituriyentlərdə stressi əsasən imtahan deyil, valideynlərin və cəmiyyətin gözləntiləri yaradır. DİM-in sorğularına əsasən, iştirakçıların 60 faizdən çoxu stressin əsas səbəbi kimi valideyn təzyiqini göstərir. O vurğulayıb ki, məktəb qiymətləri ilə imtahan nəticələri hər zaman üst-üstə düşmür, lakin imtahanlarda proqramdan kənar suallarla bağlı heç bir müraciət qeydə alınmayıb.DİM sədri xatırladıb ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali məktəblərə imtahansız qəbul olmaq hüququna malikdirlər. O həmçinin qeyd edib ki, qəbul imtahanlarında uğur qazanmaq üçün DİM-in təqdim etdiyi dərslik və model testlər kifayət edir.Məleykə Abbaszadə əlavə edib ki, magistraturaya qəbul imtahanları ölkədə keçirilən ən sadə qəbul imtahanlarından biridir. Onun sözlərinə görə, magistratura və doktoranturaya qəbul olunanlar arasında hərbi xidməti təxirə salmaq məqsədi güdən şəxslərin də olması istisna edilmir.

