Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Azərbaycanın Qarabağ müharibəsində böyük dövlətlərin dəstəklədiyi Ermənistana qarşı Qələbə qazandığını bildirib. O, Azərbaycanın bu Qələbəni əsasən öz imkanları hesabına əldə etdiyini vurğulayıb. Həmin dövrdə Ermənistanın arxasında bir sıra böyük dövlətlər dayanıb. Minsk qrupunun həmsədrləri də Azərbaycana qarşı mövqedə olublar."Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var. Bəzilərinin arxasında bir neçə. Amma biz təkbaşına. Amma bütün o böyük dayılar bizə qarşı idi. O Minsk qrupunun həmsədrləri bizə qarşı idi. Onlar bu gün dünyada aparıcı dövlətlərdir, görün, biz kimə qarşı müharibə aparmışıq. Ermənistanın arxasında onlar dayanmışdılar və bu gün də dayanırlar, hərə öz bildiyi formada.Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik". İlham Əliyev qeyd edib ki, Azərbaycan öz hərbi imkanlarını uzun illər ərzində, əsasən, öz vəsaiti hesabına formalaşdırıb. Prezident bildirib ki, ölkəyə silah və hərbi texnika satışı zamanı güzəştlər edilməyib, bəzi hallarda isə məhsullar dünya qiymətlərindən daha baha təklif olunub.Dövlət başçısı xarici siyasətin Azərbaycanın daxili işlərinə müdaxiləyə yol verməyəcək şəkildə qurulmasının vacibliyini vurğulayıb: "Bizə heç kimin köməyi də lazım deyil, himayadarlığı da lazım deyil.Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib.Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq.O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər", - dövlət başçısı vurğulayıb.

