“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Gülüstan sarayında Qlobal Cənub QHT Platformasının I Baş Assambleyası keçirilir. Toplantıda Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsindən 110-dan çox ölkənin QHT nümayəndələri iştirak edir.Tədbirdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev bəzi ölkələrin dekolonizasiya prosesinə müqavimət göstərdiyini bildirib. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının mövcud strukturu müasir reallıqları tam əks etdirmir və Qlobal Cənubun səsi kifayət qədər eşidilmir.Hikmət Hacıyev Azərbaycanın Qlobal Cənub ölkələri ilə əməkdaşlığı genişləndirdiyini, Azərbaycan QHT-lərinin beynəlxalq tərəfdaşlarla birgə layihələr həyata keçirə biləcəyini vurğulayıb. O bildirib ki, Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir və bu ölkələrin qarşılaşdığı çətinlikləri yaxşı anlayır. H.Hacıyev, müstəmləkəçilik və neomüstəmləkəçilik siyasətinin bu gün də fərqli formalarda davam etdiyini vurğulayıb.O, həmçinin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımların regionda sülh və sabitliyə xidmət etdiyini deyib.Azərbaycan BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zamanı Qlobal Cənubun ədalətli təmsilçiliyinin təmin olunmasına çağırıb.

