BMT Baş Assambleyasının 81-ci sessiyasında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev insan hüquqlarının qorunmasının vacibliyini vurğulayıb. O, Azərbaycanın bu sahədə islahatları davam etdirdiyini və BMT-nin insan hüquqları mexanizmləri ilə əməkdaşlığa önəm verdiyini bildirib.Ş.Hacıyev qeyd edib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində 96 minədək insan işğaldan azad edilmiş ərazilərə qayıdıb. Mina təhlükəsi nəticəsində 400-dən çox insan həlak olub və ya yaralanıb, 4 mindən çox şəxsin taleyi isə hələ də məlum deyil. Diplomat hesabatlılığın və beynəlxalq humanitar hüquqa riayət olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda, Azərbaycanın həmmüəllifi olduğu piyada əleyhinə minaların insan hüquqlarına təsiri və zərərçəkənlərə yardım barədə qətnamə BMT İnsan Hüquqları Şurasında səsverməsiz qəbul edilib. Sənədə 70 dövlət qoşulub. Qətnamədə mina təmizlənməsi və zərərçəkənlərə yardım üçün beynəlxalq dəstəyin və maliyyələşmənin artırılması çağırışı yer alıb.

