Anarın dəb tərəzisində müğənnilərin çəkisi ?

Anarın dəb tərəzisində müğənnilərin çəkisi ?

Anar Ağakişiyev məşhurların geyim tərzləri ilə bağlı fikirlərini, irad və tövsiyələrini Şou məkan izləyiciləri ilə bölüşdü. O hətta son vaxtlar müğənnilərin stilistlərlə az işlədiyindən şikayətləndi. Və hər yoldan ötənin bu adı daşımağa layiq olmadığını söylədi.
Ötən mövsümün dəb tendensiyasına nəzər salan stilist Anar Röyanın həmişəki kimi zövqlü geyindiyini açıqladı.
Anar Ağakişiyev: “Ən yaxşı təbii ki, Röya Ayxan idi. Yayda əla geyimləri var idi. O, mənim üçün birinci yerdədir. İkinci yeri gördüklərimin arasında bölüşdürəcəm: Nura Suri və Günay İbrahimli. Onların yay geyimlərini çox bəyənirdim”.
Anar, hamı yaxşı geyinə bilməz axı, əbəs yerə deməyiblər ki, zövqlər mübahisə edilməzdi. Yaxşı bəs məşhurlar arasında kimin geyimi ürəyincə olmadı?
Anar Ağakişiyev: “Xatunun geyimlərini bəyənmədim. Qışsayağı paltarlar idi”.
Olmuya Anar Ağakişiyev ancaq yaxşı münasibətdə olduğu ifaçıları ağız dolusu tərifləyir, onların geyimini zövqlü sayır?
Anar Ağakişiyev: “Hazırda Aygün xanımla yaxın münasibətdəyəm. Sadaladığım siyahıda onun adı yox idi. Çünki elə də qəşəng geyimlər nümayiş etdirmirdi. O demək deyil ki, kiminləsə dostsansa, onu qabağa salmalısan. Sevda Yəhyayeva ilə də yaxşı münasibətdəyəm, onun siyahıda adı yox idi. Həmçinin Elza Seyidcahan. Gördüyümü deyirəm”.
Stilist, Aygün Kazımovanın Bakı konsertlərində geydiyi paltarları da göz ələyindən keçirib münasibət bildirdi?
Anar Ağakişiyev: “Aygün xanım Mərdəkandakı konsertində çox gözəl görünürdü. Bədən ölçülərinə uyğun paltar tikilmişdi. Ancaq Nabran konsertini bəyənməmişdim: nə tacını, nə də ki geyimini”.
Anar hər zaman müzakirə mövzusu olan, saç düzümləri və geyimləri ilə sosial mediyanı sirkələyən Elza Seyidcahanla Ledi Qaqanın imicini müqayisə etdi. Hətta tövsiyələrini də bildirdi.
Anar Ağakişiyev: “Elza Seyidcahan samanla hörük hörəndə heç Ledi Qaqa yox idi. Tərzləri eynidi. Sadəcə olaraq, Elza Seyidcahan birinci olaraq, bu tip tərzləri nümayiş etdirməyə başladı. Ancaq Ledi Qaqa onu qabaqladı. Çünki o, daha çox risklidi və öz üzərində çox çalışır. Burdan deyirəm ki, əgər Elza xanım arıqlamasa, Ledi Qaqanın kölgəsində qalacaq”.
Anar son vaxtlar müğənnilərin stilistlərlə az işlədiyindən, onların yalnız öz zövqlərinə uyğun geyinmələrindən şikayətləndi.
Anar Ağakişiyev: “İndi həm stilistlər çoxalıb, həm də müğənnilər inadkar olublar. Öz istədiklərini edirlər. “İnstaqram” da baxıb tətbiq edirlər. Lakin bu onlara yaraşmır. O ki qaldı stilistlərə, sayları çoxdu. Hər kəs özünü stilist sayır: disk daşıyan da, kişi bərbəri də. Nə istəyirlər desinlər, ancaq ayaqyalın qaçsalar belə, gəlib çata bilməzlər mənə”.
Belə... bu da Anar Ağakişiyevin müğənnilərin stilistikası ilə bağlı fikirləri. Ümid edək ki, onlar lazım olan ismarıcları aldılar.
Ayşən Zeynallı