Azərbaycan Milli Elmlər Akademiyasının alimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər. Müraciətdə İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin edilməsi, Azərbaycan dilində məktəblərin açılması, qəzet və jurnalların, elmi və bədii əsərlərin nəşrinə şərait yaradılması vacibliyi vurğulanıb. Akademiya nümayəndələri Pezeşkianın Prezident İlham Əliyevlə görüşlərində və Azərbaycana səfərləri zamanı Azərbaycan dilində danışmasını yüksək qiymətləndiriblər. Onlar bunun xalqlar arasında qarşılıqlı hörmət və etimadın möhkəmlənməsinə töhfə verdiyini qeyd ediblər. Müraciətdə bildirilib ki, İranda yaşayan azərbaycanlıların ana dilində təhsil və yazıb-oxumaq hüquqlarının təmin olunması onların çoxəsrlik arzularının reallaşmasına xidmət edəcək.

