ADY: Hərəkətdə olan sərnişin və yük qatarlarına I rübdə 18 dəfə daş atılıb
Bu ilin I rübündə "Azərbaycan Dəmir Yolları" QSC-nin sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb."Bu vandallıq aktı nəticəsində sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur və nəticədə hərəkət cədvəlində gecikmələr yaranır. Bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun olaraq cərimələnirlər.Qatarlara daş atanlar əsasən azyaşlılardır. "Azərbaycan Dəmir Yolları" QSC valideynlərdən xahiş edir ki, uşaqları ilə bu barədə müntəzəm maarifləndirici söhbətlər aparsınlar. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir.
url:
http://kepezfm.az/xeberler/ady-h%C9%99r%C9%99k%C9%99td%C9%99-olan-s%C9%99rni%C5%9F-v%C9%99-y%C3%BCk-qatarlar%C4%B1na-i-r%C3%BCbd%C9%99-18-d%C9%99f%C9%99-da%C5%9F-at%C4%B1l%C4%B1b

