“Eşidirsənsə tələs”, deyən Eltondan yeni albom

“Eşidirsənsə tələs”, deyən Eltondan yeni albom

Bu dəfə “Eşidirsənsə tələs”, söyləyən Elton Hüseynəliyev deyəsən, yaman tələsir. Daşı-daş üstünə qoyub qurtarmamış yeni bir işin təməlimi yerbəyer edən ifaçının yeni layihələri həmişəki kimi çox və rəngarəngdir. Hansılardır? Bunu Eltonun özündən soruşduq. O isə cavablandırdı.
Bir müddət mediyadan ətəyini yan qaçıran Elton hazırda gördüyü işlərdən ağız dolusu danışdı. Yeni albomu üzərində saniyəbəsaniyə işin getdiyini söylədi.
Elton Hüseynəliyev: “Yeni albom təqdim etmək istəyirəm. Artıq uzun müddətdir ki, iş gedir. Mənim elə mahnılarım var, albomda yer almayıb. Məsələn, “Dənizin nəğməsi”, “Sevgi etirafı”. Fikirləşdik ki, bəlkə, köhnə mahnıları da bu alboma daxil edək”.
Elton, bəlkə, yeni albomunun adını da “Şou məkan” tamaşaçıları üçün açıqlayasan?
Elton Hüseynəliyev: “İstəyirəm ki, albomun adı “ Eşidirsənsə tələs!” olsun. Aygün Səmədzadədən mahnı oxumuşam. Bu cür adlanır. Həmin mahnı artıq iki aydır, radiolarda səslənir”.
Jurnalistlərin suallarından yaxasını kənara çəkən müğənnidən onu bu işə nəyin vadar etdiyini soruşduq. İfaçının cavabı isə belə oldu:
Elton Hüseynəliyev: “Bir ara çəkilmişdim. Sonra qayıtdım. Toliklə işləyəndən hər şey başqa cürdür. Mən neçə illərdir bu işin içində idim. İstər-istəməz müğənni üçün çox çətindi. Elə olub ki, hər şeyi bir kənara atıb çıxıb getmək istəmişəm. Kənara çəkilmişdim, indi qayıtdım”.
Elton Əməkdar artist Röya ilə barışıq qığılcımının yarandığı anları xatırladı. Hətta insanların bir-biri ilə dil tapmalı olduğunu xüsusi vurğuladı.
Elton Hüseynəliyev: “Aramızda heç bir münaqişə yoxdur. Görüşəndə salamlaşırıq. Bir gün toyların birində prodüseri onu təqdim etməyimi istədi. Təqdim etdim. Salamlaşdıq, görüşdük. Beləcə aramızda barışıq oldu. Təqdimat üçün də təşəkkürünü bildirdi. İndi heç kimlə küsülü deyiləm. Küsülü olmaq da lazım deyil”.

Bəs, Elton qaranı qaraya tutub ona qarşı səhv hərəkət edənlərə kin saxlayandı, yoxsa, böyüklük edib bağışlayan?
Elton Hüseynəliyev: “Hər bir söhbətdə səhv və düz olur. Günah axtarmağın mənası yoxdu. İnsanlar bir-birilə dil tapmalıdırlar”.
Sonda ifaçı övladlarından da danışdı. Onların həyatında özünün və həyat yoldaşının rolunu dəyərləndirdi.
Elton Hüseynəliyev: “Övladlarımın hər işi ilə, demək olar ki, anaları məşğul olur. Bütün yük onun üzərindədir. Mən ancaq evə pul gətirirəm. Arada onları gəzdirmək işini də mən öz üzərimə götürürəm”.
Biz də sevimli ifaçıya işlərində və ailə həyatında uğurlar arzu edirik.
Ayşən Zeynallı