Şəbnəm qərar verdi, sənətdən birdəfəlik gedir?

Şəbnəm qərar verdi, sənətdən birdəfəlik gedir?

Ana olmağa hazırlaşan Şəbnəm Tovuzlu ilə evində səmimi söhbət etdik. İfaçının doğulacaq körpəsilə bağlı maraqlı açıqlamaları oldu. Müğənni öz haqqında mətbuatda uzun müddət qopan qasırğalardan da danışdı. Gərgin anlar yaşadığını dilə gətirdi.

Şəbnəm gələn ilin martında dünyaya gələcək övladının sevinci ilə sanki yerə-göyə sığa bilmirdi. İndi bəlli etməsə də, kameramız qarşısına keçməmişdən öncə bu, aydın hiss olunurdu.

Şəbnəm Tovuzlu: “Allah övladı olmayan hər kəsə bu Yeni ildə övlad nəsib etsin. Hər kəsin bir axirəti var. O demək deyil ki, mən bu gün burda varamsa, sabah da belə olacaq, yox. Həyatda mən hər zaman arzulamışam ki, övladım sağ-salamat olsun, canımız sağ olsun. Əsas odur ki, çox var-dövlət istəyən adam olmamışam”.

“İnşallah balacamız da sağlam olar. Gəlib onu da çəkərsiz. İlk sədalarını eşidəndə dediz ki, reallaşsın, gəlib çəkəcəm”.

Şəbnəm, bəs yeni doğulacaq körpənə hansısa ad düşünübsüzmü? Heç olmasa ucundan-qulağından de ki, sevənlərin də qabaqcadan məlumatlı olsunlar.

Şəbnəm Tovuzlu: “ İki-üç ad nəzərdə tutmuşuq. Qoy dünyaya gəlsin deyəcəm. Atamın adını da fikirləşirik. Həyat yoldaşım Həcc adamı olduğu üçün ona yuxusunda da deyiblər ki, Əlihüseyn olsun”.

Şəbnəm, ana olmağınla bağlı xəbər mediyada elə bil ki, bomba effekti yaratdı. Yaman qasırğalar qopardın. Nə baş verirdi?

Şəbnəm Tovuzlu: “ Mediyada ana olmağımla bağlı xəbər çıxdı. Tək mən deyiləm ki, hər kəsin ana olmaq haqqı var. Sadəcə bunu çox şişirtdilər. Mənim əsəblərimlə oynadılar. Mətbuatda hörmət etdiyim insanlar belə fikirləşmədilər ki, o əsəbləşə bilər. Bu gün ona belə şeylər ziyandır. Amma yenə etdilər”.

Müğənni danışdıqca gərgin anlar yaşadığı və həmin xəbərlərin ifaçının qanına, iliyinə necə təsir etdiyi aydın görünürdü.

Şəbnəm Tovuzlu: “Nə yazır e, bunun başı çatmır, nədir. Yatırdın, səhər oyanırdın bir xəbər çıxırdı. Özdə elə biədəb bir başlıq qoyurdular ki. Şəbnəm də hər kəs kimi ailə qurub, normal həyatı var. Hər kəsin ikinci həyatı ola bilər. Hər kəsin birinci ailəsi düz gətirməyə bilər. Həyatında keşməkeşli günlər ola bilər. Çox şükür ki, bu gün alnımız açıqdı. Ən azından gözəl ailəm var. Mən də addımlaya-addımlaya gəlib bu sənətə çıxmışam”.

İfaçını, deyəsən, yaman əsəbiləşdiriblər. Hər sözündə od-alov var. Onun çoxlarının gözünə girən yeni evi belə qeyri-adi hadisəyə çevrilib.

Şəbnəm Tovuzlu: “Hardan aldı, bu ev-eşiyi? Normal evdir də. Mən demirəm ki, milyonlarım var. Heç olanları yazmırlar. Mənim arxamda bir kişi olmasa da, ailəm olmasa da, bir xanım kimi öz ayaqlarım üzərində dayanmağı bacaran bir xanımam. Mən həmişə demişəm, məclislərə 10 minə, 15 minə getmirəm. 4 minə, 5 minə gedirəm, ayda 15 toy olsa, ordan gələn gəlirlə bir mövsümə bu evdən ikisini də alaram”.

Şəbnəm belə gedişlə şou-biznesdən birdəfəlik əlini-ayağını çəkəcəyini söylədi. Artıq şou-biznes onun üçün çirkablarla dolu bir məkan kimi görünür.

Şəbnəm Tovuzlu: “Fikirləşirəm ki, bir xanım olaraq, kiçik bir biznes qurub bu sənətdən, doğurdan, uzaqlaşacam. İstəmirəm. Ona görə istəmirəm ki, bu sənətdə çirkablıq çoxdu. Durduğun yerdə ləkə yaxırlar adama...”.